Dahi. Теодор ДрайзерЧитать онлайн книгу.
üçün boş yerə vaxt itirmək olacaqdır”. Yucin Aleksandriya haqqında o qədər yüksək fikirdə deyildi. Bir zaman o buradan çıxıb gedəcəkdi.
“Morninq Eppil” redaksiyası yer kürəsinin hər bir yerində olan başqa əyalət qəzetlərindən heç bir şeylə fərqlənmirdi. Birinci mərtəbədə pəncərələri küçəyə baxan kontor yerləşmişdi, onun arxasında isə yeganə yastı pres və çap maşınları dururdu. İkinci mərtəbədə mürəttibxana yerləşirdi. Burada yüksək stellajlarda şrift kassaları vardı, çünki ”Morninq Eppil” əksər əyalət qəzetləri kimi əl ilə yığılırdı. Orada, binanın ön hissəsində redaktorun, nəşriyyat müdirinin və şəhər xronikası müdirinin qoxumuş, sanki heç bir zaman havası dəyişilməyən kabineti yerləşirdi – qəzetdə hər üç vəzifəni eyni adam daşıyırdı. Bu, Mr. Kaleb Uilyams adlı birisi idi. Mister Berces onu bir neçə il bundan qabaq haradansa tapmışdı. Uilyams balacaboylu, arıq, damarları çıxmış, sivri qarasaqqallı, müsahibinə qara bəbəkləriylə qəribə baxan sönükgözlü bir adam idi. Fövqəladə çevik və söhbətcil, yaşıl papağının günlüyü həmişə alnına basılmış, ağzında qısa gavalı çubuğu olan Uilyams, müxtəlif iş və vəzifələrin öhdəsindən məharətlə gəlirdi. O, paytaxtda qəzet işində uzun illər boyu topladığı hər cür biliklər xəzinəsi idi. Qasırğalı həyat dənizində intəhasız doladıqdan sonra o, arvadı və üç uşağı ilə birlikdə, Aleksandriyada lövbər salmışdı. O iş gününü qurtardıqdan sonra ümumiyyətlə həyat haqqında, xüsusən öz həyatı haqqında kimlə olursa-olsun məmnuniyyətlə söhbət edərdi. Səhər saat səkkizdən günorta saat ikiyə qədər az-maz şəhər yenilikləri toplayar, ya özü yazar, ya da redaktə edərdi. Onun bütün vilayətə səpələnmiş çoxlu müxbirləri vardı. Bu müxbirlər ona həftədə bir dəfə yerli yeniliklərin icmalını göndərirdilər. “Assosşeytedt press” də onu bəzi şeylərlə təchiz edirdi. Həm də oxucunu hekayələr, təsərrüfat məsələləri, tibbi elanlar və sairə ilə cəlb edən iki səhifəlik “standart əlavələr” onun dadına çatırdı. Uilyams materialın çox hissəsini redaktə etmədən çapa verərdi.
O rastına gələn hər kəsə deyirdi:
– Çikaqoda bütün bunlara çox diqqət yetirərdik, ancaq burada bununla əlləşmək lazım gəlmir. Bir də ki, bizim oxucumuz əslində bunu tələb də etmir. O qəzetdə hər şeydən əvvəl yerli yeniliklərin verilməsini gözləyir. Bunları isə mən çox diqqətlə izləyirəm.
Elan şöbəsini mister Berces özü idarə edirdi. Bundan başqa, o özü elanları təşkil edir və onları müştərilərin arzularına müvafiq olaraq yığılmasına, qəzet materiallarının imkan verilməsindən asılı olaraq və müştərilərin hüquq və tələblərinə müvafiq surətdə yerləşdirilməsinə diqqət yetirirdi. Qəzetin bütün işi onun öhdəsində idi, o hər şeyi nizama salır, qəzetin siyasi xəttini də özü müəyyən edirdi. Bəzən o, baş məqalələr yazır, yaxud Uilyamsla birlikdə onların hansı ruhda yazılacağını qərarlaşdırır, redaksiyaya gələnləri qəbul edir, qarşıya çıxan çətinlikləri yoluna qoyurdu. Mister Berces özünü və öz qəzetini bütünlüklə respublika partiyasının yerli başçılarının sərəncamına vermişdi və bu, tamamilə təbii görünürdü, çünki bu onun meyl və məcazına müvafiq idi. Hətta bir dəfə ona (bəzi xidmətlərinə görə) poçt müdiri vəzifəsini təklif etmişdilər, lakin o bundan imtina etmişdi, çünki qəzet bu yeni vəzifənin verə biləcəyindən çox gəlir verirdi. Respublika partiyası rəhbərlərinin şəhər və əyalət üzrə verə biləcəyi bütün elanlar ona çatırdı, beləliklə də o çox yaxşı yaşayırdı. Bercesin siyasi əlaqələr üzündən cəlb olunduğu mürəkkəb fırıldaqlar haqqında Uilyams bəzi şeylər bilirdi. Lakin bu, səylə çalışan əməkçini azacıq belə təşvişə salmırdı. O hesab edirdi ki, məsləhət vermək onun işi deyildir. O deyirdi: “Mən altı nəfərə yemək verməliyəm. Elə bu mənə bəsdir. Nə üçün özgələrinin işinə qarışım?” Beləliklə, redaksiyada sakit, işgüzar, hətta demək olar ki, xoşagələn bir əhvali-ruhiyyə hökm sürürdü. Burada işləmək adama ləzzət verirdi.
On yeddi yaşı tamam olan kimi, parta arxasından birbaşa bura düşən Yucin, ona qüvvətli təsir bağışlayan mister Uilyams, arxasında işləyən Conas Layl və işə müntəzəm gəlməyən, yalnız təcili mətbəə sifarişləri olduğu hallarda çağırılan Con Sammerslə də dostlaşdı. Yucin tezliklə öyrəndi ki, əlli beş yaşlı, ağsaçlı, qaradinməz bir adam olan Con Sammers daim içir və vərəmdir. Sammers ən müxtəlif saatlarda on-on beş dəqiqəliyə gizlincə mətbəədən yox olurdu. Hamı özünü heç bir şey görmür kimi göstərirdi, çünki burada heç kəsə ağalıq etmirdi. Hər halda işin öhdəsindən gəlirdilər.
Conas Layl daha maraqlı tip idi. Sammersdən on yaş cavan, ondan daha çox sağlam və möhkəm olan Conas da özünə görə qəribə idi. Təbiətcə şən olan bu adam bəzi şeylər haqqında oxumuşdu və filosofluq etməyi sevirdi. Yucin tezliklə öyrəndi ki, Layl Birləşmiş Ştatların hər yerində – Denverdə, Portlenddə, Sent-Polda, Sent- Luisdə, daha haralarda isə işləmişdi; o özünün sabiq ağaları, mətbəə sahibləri haqqında danışmağı sevirdi. O, mətbuatda az-maz görkəmli bir ada təsadüf edən kimi dərhal qəzeti götürüb Uilyamsın, sonralar isə, yaxından tanış olduqları zaman Yucinin yanına gəlir və deyirdi: ”Mən filan yerdə yaşayarkən bu adamı tanıyardım… O filan №-də poçt müdiri idi (yaxud başqa bir vəzifədə idi), indi isə, görün, necə yüksəklərə qalxmışdır!” O əksər hallarda bu məşhur adamları şəxsən tanımırdı, lakin onlar haqqında eşitmişdi və onların şöhrətinin bu uzaqlara gəlib çatan əks-sədası onun xəyalına təsir göstərirdi. O, işin qızğın vaxtında korrektura düzəlişlərində Uilyansa kömək edirdi. O, yaxşı mürəttib idi və ümumiyyətlə öz vəzifəsini vicdanla yerinə yetirirdi. Lakin bu dünyada onun bəxti gətirməmişdi, çünki özgələrinin əmrlərinin yalnız dəqiq bir icraçısı idi; Yucin bunu ilk baxışdan anlamışdı.
Həmin bu Layl Yucinə mürəttiblik işini öyrətdi. O, birinci gün şriftlər üçün kassada “yuvaların” yaxud “gözlərin” necə düzəldiyini, hərflərdən bəzilərinin o birilərindən ələ daha yaxın olması üçün onların necə yerləşdirildiyini göstərdi, nə üçün bəzi hərflərin çox işləndiyini, nə üçün bəzi qəzetlərdə müəyyən hallarda kursiv hərflərinin işləndiyini, başqalarında isə işlənmədiyini izah etdi.
– Çikaqoda “Tribun” qəzetində işlədiyim zaman biz kilsə, paraxod, kitab, mehmanxana və bu cinsdən olan başqa şeylərin adlarını adətən kursivlə verirdik, – deyə o nəql edirdi. – Bildiyimə görə, bu, adları kursivlə verən yeganə qəzetdir.
Çox keçmədən Yucin şponun, qrankanın, verstatkanın nə olduğunu öyrəndi, öyrəndi ki, barmaqlar tədricən, şriftin vəzninə görə onun hansı şrift olduğunu müəyyən etməyə alışır, müəyyən dərəcədə vərdiş etdikdən sonra hərflər, demək olar ki, mexaniki surətdə öz yerlərinə düşür, hətta bu barədə düşünmürsən də. Layl bütün bunları məmnuniyyətlə öz şagirdinə çatdırırdı. O Yucindən belə şeylərə ciddi münasibət tələb edirdi və hər cür biliyə hörmət edən Yucin onu fikir və diqqətlə dinləyirdi. Yucin hələ nə ilə məşğul olmaq istədiyini təsəvvür etmirdi, bunun müqabilində hər şeyi bilmək istədiyini hiss edirdi. Yucin tezliklə nə mürəttib, nə repartyor, nə də ümumiyyətlə əyalət qəzetlərinə mənsub olan başqa bir işçi olmağı arzu etmədiyinə əmin olmuşdu. Buna baxmayaraq, yenə də