Hekayələr. Ömər SeyfəddinЧитать онлайн книгу.
sıxılmırdımı? Bəli, iyirmi səkkiz il bir dam altında bərabər qocaldıqları halda ruhları bir-birinə yaddı. Aralarında ümmanların, qarlı zirvələrin ayırdığı keçilməz bir hüdud vardı. Qocaldıqca, xəstələndikcə, bu barsız-bəhərsiz buz çölü daha da genişlənir, daha ziyadə böyüyürdü. Artıq əvvəlki soyuqqanlılığından əsər qalmamışdı. Hər şeyə əsəbiləşir, maraqsız keçən bir həyatın tək-tük xatirələrindən özünə dərin bir ələm yaradırdı. Kitab oxuya bilmir, meşəliklərdə, kolluqlarda gəzə bilmir, yemək yeyə bilmir, pivə içə bilmirdi… Süfrə arxasındaykən saatın onun sızıltılarına qarışan çıq-çıqlarını dinləyib otururdu.
Arvadının belə soyuq davranışı bir an əvvəl qəlbində od tutub alışan iftixar alovunu söndürmüşdü. Ayaqları təkrar zoqquldamağa başladı. Əlləriylə dizlərini sıxır, üzünü büzüşdürür; hərəkətə gəlmək, qalxıb çölə çıxmaq üçün özündə qüvvə tapa bilmirdi.
Qəfildən küçədə bir qışqırtı əks-səda verdi:
– “Vakit”, “Havadis”, “Tan”, “Turan”, “İkdam”, “Böyük qəzet”… “Yarın”, “Haliç”, “Gözəl İstanbul”11, alın, xəbərləri oxuyun…
Qəzetsatan keçib gedirdi. Fon Sədriştayn kreslosundan qalxdı. Pəncərədən başını çıxardı. Səsləndi:
– Qəzetçi, qəzetçi!..
Bu, balaca bir uşaqdı. Dayanıb yuxarı baxdı.
– Beşinci mərtəbəyə gəl!
– Lift varmı?
– Yox.
– Gələ bilmərəm.
Bu müstəsna gündə qəzetlərin nə yazdığı ilə çox maraqlanan fon Sədriştayn fürsəti əldən vermək istəmədi.
– Nə qədər qəzetin varsa, hərəsindən bir dənə alacağam… – dedi.
Uşaq cavab vermədi. Fasadı sarı boyanmış binanın yüksəkliyini süzdü.
– Bəxşiş də verərəm.
– Yaxşı, gəlirəm…
Uşaq binanın bayır qapısından girən kimi fon Sədriştayn dayana bilmədi. Yataq otağına keçərkən gözucu mətbəxə baxdı. Arvadı ocağın başında saat kəfkiri kimi yellənə-yellənə bir qab çalxalayırdı. Pul qabından on quruş götürdü. Xəstələrə məxsus o vasvası addımlarla, ayaqlarını sanki çürük bir döşəməyə basırmış kimi diqqətlə yeridi. Mənzilin dar pilləkənə açılan qapısını araladı. Söykənib gözlədi. O qədər səbirsizdi ki… Bir dəqiqə ona iki saat gəldi. Uşaq nəfəsi kəsilə-kəsilə qapıya çatanda hər qəzetdən bir dənə aldı, qalan pulu ona bağışladı… Qapını cəld örtərək otağına döndü. Dərin kreslosuna çökdü. Zəif dizlərinin üstündə qəzetləri açmağa başladı. Hər qəzet özünün bugünkü nüsxəsini Orxan bəyə həsr etmişdi. Ayaqlarının sızıltılarını unutdu. Bu yüksək pəncərədən quş baxışıyla parıltılı dəbdəbəsini gördüyü İstanbulun qəlbi sanki bu kağızların içindəydi. Hamısı Orxan bəyin çöhrəsini təbii böyüklükdə ilk səhifələrində vermişdi. Fon Sədriştayn indiyə qədər bu məşhur gənc dahinin özünü heç görməmişdi. Amma şəklinə baxan kimi tanış gəldi. Bu incə qaşlar, bu dərin gözlər, bu şirin gülüş… Ona heç yad gəlmədi. Bu nəcib üzü çox görmüşdü. Amma harada? Nə vaxt? Necə? Diqqətlə baxaraq düşündü, düşündü. Nəsə xatırlaya bilmirdi. "Haliç" qəzetinin başındakı bayram proqramına bir göz gəzdirdi. Bu bayramda İstanbulun bütün elmi, ədəbi, siyasi qurumları, universitetləri, rəssam, musiqişünas, memar, heykəltəraş, teatr cəmiyyətləri, liseylər, dəniz, quru, hava idman klubları, elektrikçilik, təyyarəçilik, dənizçilik dərnəkləri-filan hamısı iştirak edir, ordu İstanbuldakı hərbi hissələrini rəsm-keçid üçün sübh erkəndən Çamlıcada toplayırdı. Sevgili dahinin doğulduğu, böyüdüyü, hələ də içində yaşadığı kiçik imarət oradaydı. Bütün xalq dənizdən, Üsküdar körpüsündən o tərəfə doğru axışırdı. Fon Sədriştayn belə, ədəbiyyatı heç sevməzkən, Orxan bəyin əsərlərindən bəzilərini oxumuşdu. "Ölkənin oyanışı" adlı şeirini xatırlayınca ruhunda şirin bir həyəcan dalğalandı. Proqramdan sonra Orxan bəyin həyatına dair yazılan şeyləri oxumağa başladı. Bu böyük şair hələ iyirmi yeddi yaşındaydı. Bir aşiq kimi xalqı sevmiş, daim xalqın içində yaşamış, bir-birinin ardınca on cildə yaxın əsərlər nəşr etmişdi. On doqquz yaşındaykən Anadolunu gəzmiş, kəndlərdə, daxmalarda, obalarda müsafir qalaraq türklərin milli dastanlarını dinləmiş, onun ruhuna nüfuz etmişdi. Sonra millətinə üç cild nəfis şeir, iki cild roman vermiş, üç mükəmməl tragediya yazmışdı. "Turan"ın altun hərflərlə çap etdiyi sətirlər insanın ruhunda ülvi, böyük bir təqdir oyadırdı. Təkrar-təkrar oxudu:
"… Orxan əsrimizin ən böyük dahisidir. O, dövrlərdən bəri qəflət kabusuyla keyimiş bir millətə yüksək vicdanını eşitdirdi. Dilini öyrətdi. Ondan əvvəl türklərin ümumi bir dili yoxdu. İstanbulda əsl türk dili təhqir olunur, bir qrup şair, ədib, cızma-qaraçı bədnam fransız təqlidçilərini yamsılayır, başqa bir qrup isə ərəbcə, farsca mübaliğə ilə danışmağı bir mərifət, bir sənət sayırdı. Yaxud "təsfiyyəçilərin"12 süni dilini milli türkcə zənn edirdilər. Orxan bəy ilk zərbəni bu qafillərə endirdi. Ədəbi şah əsərlərindəki təbiiliyi mümkün qədər irəli çıxarıb demək istədi ki:
– Ədəbiyyat, sənət bir zümrə üçün, bir sinif üçün, bir neçə nəfərin xəstəhal keyfi üçün deyildir. Sənət bütünlüklə millətindir! Onun danışdığı, kitablardan öyrənmədən bildiyi təbii dillə təqdim olunmalıdır!"
"Böyük qəzet" gənc şairi daha təntənəli şəkildə tərifləyirdi:
"Ey gənc dahi! Sən bizim xaliqimizsən! Səndən əvvəl türk millətləri bir-birini tanımazdı. Xivə, Buxara, Səmərqənd, Kaşqar, Qafqaz, Azərbaycan, Anadolu İstanbulun dilini anlamazdı. İstanbulun qoynunda yaşayanlar belə öz məmləkətlərinin ədəbiyyatını duymazdılar. Səndən əvvəl şairlər bütün duyğularını xalqdan gizlədərdilər. Dinin sirli dərinliklərinə dalaraq orada vəcdlər yaşamazdılar. Ədəbiyyatımıza əsrlik bir dəyanəti, bugünkü fəlsəfəyə uyğun bir sahiblik düşüncəsini ilk dəfə gətirən sən oldun. Sən müqəddəs bir günəş kimi doğdun! Göydəki həyatverici günəş kainatın yüksək, alçaq yerlərinə öz aydınlığını necə bərabər səpərsə, sən də eynilə onun kimi millətini "avam, xas" deyə ikiyə ayırmadın. Hamısının üstünə dini bir vəcdin, milli bir məfkurənin şölələrini saçdın. İstanbulun incə qızları, Anadolunun pəhləvan oğulları, hətta Türküstanın sadə çobanları şeirlərini əzbərlədi. Yüzlərcə ildən bəri qəlbimizdə uyuyan ilahi eşq sənin bir misranla təkrar alovlandı…"
"Gözəl İstanbul" qəzetinin heç bir şeyi bəyənməməklə, hər şeyə hücum etməklə şöhrət tapan tənqidçisi belə: "Mən Orxan bəyin dühası qarşısında səcdə edirəm. Ona qədər təbii dildə bu qədər yüksək əsərlər yazılmamışdı. O, İstanbul ləhcəsini bütün türk millətinə sevdirdi. İstanbul ləhcəsi onun sayəsində bütün bir millətin səmimi dili oldu. Ona qədər hər kəs ya fars, ya fransız dilini təqlid edirdi. O nə fransıza, nə farsa baxdı. Nə də aşıq sazlarını, təkkə neylərini
11
XX əsrin ortalarında Türkiyədə nəşr olunan qəzetlərin adlarıdır.
12